AZE – 2022/1
I. Ərizə formasının doldurulmasından öncə nələri bilmək lazımdır.
Məhkəmə hansı işlərə baxa bilər?
Avropa İnsan Hüquqları Məhkəməsi yalnız Avropa İnsan Hüquqları Konvensiyasında müəyyən olunmuş hüquqlarının pozulduğunu iddia edən şəxslər, təşkilatlar və şirkətlərdən gələn şikayətlərə baxan beynəlxalq məhkəmədir. Konvensiya bir çox Avropa Dövlətlərinin müəyyən əsas hüquqların təmin edilməsi barədə razılığa gəldiyi beynəlxalq müqavilədir. Bü hüquqlar Konvensiyanın özundə, eləcə də yalnız bəzi dövlətlərin qəbul etdiyi 1, 4, 6, 7, 12 və 13 saylı Protokollarda əks olunmuşdur. Protokolların mətnləri bu sənədə əlavə olunur, onları oxumaq məsləhət görülür.
Məhkəmənin hər növ şikayətlərə baxmaq səlahiyyəti yoxdur. Onun səlahiyyətləri, Konvensiyada nəzərdə tutulmuş kimin, nə zaman və nə barədə şikayət etmək qabiliyyətini məhdudlaşdıran qəbuledilənlik meyarları ilə müəyyənləşir. Məhkəmə tərəfindən baxılan ərizələrin 90%-dən çoxu qəbul edilməz elan edilir. Bu səbəbdən Məhkəməyə müraciət etmədən öncə şikayətinizin aşağıda göstərilən qəbuledilənlik tələblərinə müvafiq gəlməsini yoxlamalısınız.
Məhkəmə işinizə yalnız aşağıdakı şərtlər daxilində baxa bilər:
- şikayətlər Konvensiya və Protokollarda müəyyən olunmuş bir və ya daha çox hüquqların pozuntusuna aid olduğu halda;
- Məhkəmə yalnız Konvensiyanı və ya müvafiq Protokolu heç də ratifikasiya edən Dövlətə qarşı olan şikayətlərə baxa bilər (Bütün Dövlətlər heç də hər bir Protokolu imzalamamışlar, imzalama siyahısını Məhkəmənin internet saytında yoxlayın www.echr.coe.int/applicants).
- şikayətlər hakimiyyət orqanlarının (qanunverici, inzibati, məhkəmə orqanları və s.) məsuliyyətinə aid olan məsələlərlə bağlı olmalıdır; Məhkəmə fərdi şəxslərə və ya özəl təşkilatlara qarşı yönəldilmiş şikayətlərə baxa bilməz.
- şikayətlər, Konvensiya və müvafiq Protokolun Dövlət tərəfindən imzalanmasından sonra baş verən hadisələrə aid olmalıdır (Hər bir Dövlət üçün qüvvəyə minmə tarixlərini Məhkəmənin internet saytindakı sıyahıda yoxlaya bilərsiniz www.echr.coe.int/applicants);
- əsas hüquqların pozuntusuna şəxsən və birbaşa məruz qaldığınız halda (“zərərçəkən” statusuna malik olduğunuz halda);
- siz ölkədaxili səlahiyyətli qurumlara pozulmuş hüquqlarınızı bərpa etmək imkanı vermişsinizsə (“ölkədaxili hüquq müdafiə vasitələrinin tükənməsi”); ölkədaxili hüquq müdafiə vasitələrinin tükədilməsi o deməkdir ki, Məhkəməyə müraciət etməmişdən əvvəl yurisdiksiyaya malik ən yüksək məhkəmə daxil olmaqla eyni şikayət üzrə daxili məhkəmələrə müraciət etmisiniz. Bura prosessual müddətlər də daxil olmaqla, yerli məhkəmə prosedur qaydalarına əməl etmək daxildir. Halbuki, səmərəli olmayan vasitələrdən və normal apellyasiya prosedurundan kənar istisna və ya fövqəlada vasitələrdən istifadə etməyə ehtiyac yoxdur.
- ərizə forması son ölkədaxili qərarın çıxarıldığı tarixdən etibarən dörd ay ərzində Məhkəməyə təqdim olunmuşdur. Dörd aylıq müddət ən son instansiya hesab edilən məhkəmə və ya səlahiyyətli orqanın iş üzrə qərar çıxardığı, və ya qərarın Sizə və ya hüquqşünasınıza təqdim etdiyi tarixdən hesablanır. Şikayət üzrə səmərəli hüquq mudafiə vasitəsinin olmadığı təqdirdə, dörd aylıq müddət şikayət edilmiş hərəkət, tədbir və ya qərarın tarixindən hesablanır. Dörd aylıq müddət yalnız Məhkəməyə Məhkəmə Qaydalarının 47-ci qaydasına uyğun şəkildə (Ərizə formasına əlavə məlumata bax) doldurulmuş ərizə forması təqdim edildiyi halda dayandırılır. Bu müddət bazar günü və ya ictimai bayram günləri ilə üst-üstə düşdüyü halda belə dörd ayın son günündə bitir. Beləliklə, ərizə forması və tələb olunan bütün məlumat və sənədlər Məhkəməyə dörd aylıq müddətin son günündə və ya son günündən əvvəl göndərilməlidir. Ərizəni poçt ilə vaxtında göndərin.
- şikayətləriniz tutarlı dəlillərə əsaslanmalıdır; iddialarınızı əsaslandırarkən işin halları aydın təsvir olunmalı və sənədlər, qərarlar, tibbi rəylər, şahid ifadələri və digər materiallarla sübut edilməlidir;
- şikayət etdiyiniz məsələlərin əsas hüququn pozuntusu ilə nəticələndiyini aydın şəkildə göstərə bilməlisiniz. Siz sadəcə olaraq məhkəmə qərarının yanlış və ya səhv olması iddiası ilə müraciət edə bilməzsiniz; Məhkəmə ölkədaxili məhkəmələrə münasibətdə apellyasiya instansiyası deyil və onların qərarlarını ləğv edə və ya onlara düzəliş edə bilməz;
- sizin şikayətinizə Məhkəmə və ya digər beynəlxalq qurum tərəfindən artıq baxılmayıbsa.
Həmçinin, nəzərə almalısınız ki, Məhkəməyə hər il on minlərlə şikayət ərizəsi təqdim olunur. Məhkəmənin əsaslandırılmamış və ya beynəlxalq nəzarət qurumunun baxmalı olduğu qəbildən olmayan az əhəmiyyətli və təkrarlanan şikayətlərə baxmağa yetəcək resursları yoxdur. Belə şikayətlər Məhkəməyə müraciət etmə haqqından sui-istifadə kimi qiymətləndirilərək rədd edilə bilər. Bu, eyni zamanda, ərizəçinin təqdim olunmuş ərizə formasında təhqiramiz və həqarətli dil işlətdiyi zaman baş verə bilər.
Həmçinin, şikayət olunan hallarla bağlı ərizəçiyə real ziyan və ya əhəmiyyətli zərər dəymədiyi və beynəlxalq səviyyədə qaldırılacaq dərəcədə insan hüquqları pozuntusu olmadığı hallarda şikayət ərizəsi rədd edilə bilər.
Yuxarıda göstərilənlərlə əlaqədar, Siz hüquqşünasa və ya qəbuledilənlik meyarları haqqında məlumatın və təkrarlanan suallara cavabların yerləşdirildiyi Məhkəmənin internet saytına müraciət edə bilərsiniz.
II. Ərizə formasını necə doldurmalı
Ərizə formasının düzgün doldurulması qaydaları Məhkəmə Qaydalarının 47-ci qaydasında öz əksini tapmışdır (ərizə formasında baxın); bu barədə əlavə məlumat bu Qaydalara qoşmada, eləcə də Məhkəmənin http://www.echr.coe.int/applicants internet saytinda olan Məhkəməyə Şikayət Verilmə Qaydaları Praktiki Təlimatda verilmişdir. Aşağıda praktiki izahatlar və məsləhətlər verilmişdir; şikayətinizin tam hesab edilərək qəbul olunması üçün səhvlərə yol verməmək istəyirsinizsə, aşağıdakıları oxumağı məsləhət görürük.
- ƏRİZƏ OXUNAQLI OLMALIDIR. Çap ilə yazılması məsləhət görülür.
- SİZİN VƏZİYYƏTİNİZƏ MÜVAFIQ OLAN BÜTÜN SAHƏLƏR DOLDURULMALIDIR. Əks halda sizin ərizə formanız tamamlanmamış hesab edilərək rədd ediləcəkdir.
- Simvollar və ya abreviaturalardan istifadə etməyin: məzmunu sözlərlə aydın şəkildə izah edin.
- FİKRİNİZİ YIĞCAM İFADƏ EDİN.
Ərizə formasını Məhkəmənin internet saytından yükləyinvə mümkündürsə bu formanı elektron şəkildə doldurun. Bu, işinizə baxilmasını sürətləndirəcək.
Dil
Məhkəmənin rəsmi dilləri ingilis və fransız dilləridir. Sizə daha rahat olduğu halda, Katibliyə Konvensiyanı imzalamış Dövlətlərdən birinin rəsmi dilində yaza bilərsiniz. İcraatın ilkin mərhələlərində Məhkəmə tərəfindən yazışma Sizinlə həmin dildə aparıla bilər. Lakin, icraatın daha sonrakı mərhələlərində, daha doğrusu Məhkəmə Hökuməti şikayətləriniz üzrə yazılı şərhlərini təqdim etməyə dəvət etdiyi təqdirdə, bütün yazışmalar ingilis ya da fransız dilində göndəriləcəkdir. Bu zaman, Siz və ya Sizin nümayəndəniz sonrakı təqdimatlarınızı ingilis ya da fransız dillərində etməlisiniz.
Ərizə formasındakı sahələrə aid qeydlər
Ərizə formasının Məhkəmə tərəfindən qəbul edilməsi üçün formadakı bütün müvafiq bəndlər göstərilən formada doldurulmalı və bütün lazımi sənədlər Məhkəmə Qaydalarının 47-ci qaydasında göstərildiyi kimi ərizə formasına əlavə edilməlidir. Ərizə formasının doldurulması və lazımi sənədlərin əlavə olunması zamanı bunlara fikir verməniz xahiş olunur. Bunlara əməl edilmədikdə şikayətinizə Məhkəmə tərəfindən baxılmayacaqdır və göndərdiyiniz sənədlər saxlanılmayacaqdır.
Ərizə forması – bölmələr üzrə
Nəzərə alın ki, ərizə forması və qeydlərdə istifadə olunan terminlər Konvensiyaya əsaslanır, gender-həssas sözlərin işlədilməməsi onun kimisə istisna etməsi anlamına gəlmir.
Barkod etiketləri üçün xana
Müraciət etdiyiniz iş üzrə Məhkəməylə artıq yazışma aparmışsınızsa və Sizə barkod etiketləri göndərilibsə, barkod etiketini ərizə formasının birinci səhifəsinin yuxarı hissəsinin sol tərəfində olan xanaya yapışdırın.
A. Ərizəçi
A.1. Fərd
Bu bölmə fiziki şəxslərə aiddir. Təşkilat və ya müəssisə kimi hüquqi şəxs olarsa bölmə A.2 doldurulmalıdır.
1–9. Ərizəçilərin sayının birdən çox olduğu halda, hər bir əlavə ərizəçiyə aid məlumatı ayrıca vərəqdə göstərin. Birdən çox ərizəçinin olduğu halda ərizəçilər nömrələnməlidirlər. Aşağıdakı “Qrup ərizələr və çoxsaylı ərizəçilər” barədə bölməyə baxın.
6. Ünvan: ərizəçi poçt ünvanını göstərməlidir, bu ünvan hüquqşünasın və ya nümayəndənin ünvanından fərqli olmalıdır, belə ki, lazım olduqda Məhkəmə ərizəçi ilə əlaqə saxlaya bilsin. Evsiz olan yaxud sabit yaşayış yeri olmayan ərizəçi poçt qutusu nömrəsini yaxud tanışının ünvanını göstərə bilər və bunun səbəbini açıqlamalıdır.
A.2. Təşkilat
Bu bölmə şirkət, qeyri-hökumət təşkilatları, birliklər və sairə kimi hüquqi şəxslərə aiddir. Bu bölmə doldurularsa, bölmə D.1 də doldurulmalıdır.
10–16. Ərizəçi təşkilatın məlumatları və əlaqə detalları göstərilməlidir. Ərizəçilərin sayının birdən çox olduğu halda, hər bir əlavə ərizəçiyə aid məlumat ayrıca vərəqdə göstərilməlidir. Birdən çox ərizəçinin olduğu halda, ərizəçiləri nömrələməniz xahiş olunur.
11. İdentifikasiya nömrəsi: təşkilatın rəsmi reyestr və ya qeydiyyatda rəsmi identifikasiya və ya qeydiyyat nömrəsi olduğu halda onu göstərməniz xahiş olunur.
12. Təşkilatın qeydiyyata alındığı, yaradıldığı və ya təsis edildiyi tarix(lər) (hansı(lar) müvafiqdirsə) identifikasiyanın asanlaşdırılması üçün ərizədə göstərilməlidir.
Qrup ərizələr və çoxsaylı ərızəçilər
Ərizəçi və ya nümayəndə iki və ya daha çox ərizəçinin müxtəlif hallara əsaslanan şikayətləri ilə bağlı Məhkəməyə müraciət etdiyi halda, hər bir şəxs üçün bütün lazımi məlumatları əks etdirən ayrıca ərizə forması doldurulmalıdır. Hər bir ərizəçininn işinə aid olan sənədlər həmin şəxsin ərizə formasına əlavə olunmalıdır.
Ərizəçilərin sayı ondan çoxdursa, nümayəndə, ərizə formaları və sənədlərdən əlavə, hər bir ərizəçinin lazımi məlumatlarını əks etdirən cədvəl təqdim etməlidir; bu cədvəli Məhkəmənin internet saytında tapa bilərsiniz (bax www.echr.coe.int/applicants). Nümayəndə hüquqşunasdırsa, bu cədvəl həmçinin elektron formada ərizəyə əlavə olunmalıdır (CD-ROM və ya yaddaş kartında).
Çoxsaylı qrup ərizəçilər və ya ərizələr təqdim olunduğu halda, Katiblik ərizəçilər və ya nümayəndələrdən, təqdim olunan mətnlər və sənədlərin elektron və ya digər formada təqdim olunmasını tələb edə bilər. Ərizələrin effektiv və sürətli baxılmasını təmin etmək üçün Katiblik tərəfindən digər təlimatlar da verilə bilər.
Qrup ərizələr və ya çoxsaylı ərizəçilər tərəfindən verilən ərizələrin təqdim olunmasına dair Katibliyin təlimatlarına əməl olunmaması işlərin Məhkəmə tərəfindən baxılmaması ilə nəticələnə bilər (baxın Qayda 47 §§ 5.1 və 5.2).
B. Hansı Dövlətə (Dövlətlərə) qarşı şikayət edirsiniz
17. Şikayət etdiyiniz Dövlətin (Dövlətərin) adını işarə edin.
Bu bölmə şikayət etdiyiniz məsələlərə görə cavabdeh olan Dövlət barəsindədir. Nəzərə alın ki, Məhkəməyə şikayətlər yalnız Konvensiyaya qoşulmuş, adları siyahıda olan ölkələrə qarşı verilə bilər.
C. Fərdi ərizəçinin nümayəndəsi/nümayəndələri
Bu bölmədə nümayəndə kimi təyin olunan şəxs 35-ci xananı imzalamalıdır; ərizəçi 33-cü xananı imzalamalıdır.
C.1. Hüquqşünas olmayan nümayəndə
18–25. Səhhət və ya qabiliyyətsizlik səbəblərindən bəzi ərizəçilər məhkəmə prosesində şəxsən iştirak etməyə və ya iştirak etmək imkanında olmaya bilərlər. Onlar hüquqi təhsili olmayan şəxslər tərəfindən təmsil oluna bilər, məsələn valideyn övladını, və ya qəyyum, ailə üzvü və ya həyat yoldaşı praktiki və ya tibbi səbəblərdən prosesdə iştirakı çətin olacaq şəxsi (məsələn, xəstəxana və ya həbsxanada olan ərizəçiləri) təmsil edə bilər. Bu halda nümayəndə ərizəçini təmsil etmə səbəblərini və ya onun ərizəçi ilə qohumluq əlaqəsi, eyni zamanda adı, soyadı və əlaqə məlumatlarını göstərilməlidir. C.1 bölməsini doldurmuşsunuzsa, nümayəndə təyin etdiyiniz halda C.2 bölməsini də doldurmalısınız (aşağıda C.2 bölməsinə baxın).
C.2. Hüquqşünas
26–32. Ərizəçini təmsil edən hüquqşünasın əlaqə məlumatları tam göstərilməlidir. Şikayətin verilməsi mərhələsində ərizəçinin hüquqşünas tərəfindən təmsil olunması məcburi deyildir. Ərizəçinin hüquqşünas ilə təmsil olunmasının tələb olunduğu mərhələyə çatdıqda ərizəçi bu barədə məlumatlandırılır. İcraatın bu mərhələlərində – Məhkəmə yazılı şərhlər üçün şikayət barəsində Hökumətə bildiriş verilməsi barədə qərar qəbul edərsə –hüquqşünasa ödəniş etmək üçün kifayət qədər vəsaiti olmadığı və işin lazımi qaydada aparılması üçün hüquqi yardıma ehtiyac olduğu halda, ərizəçinin pulsuz hüquqi yardım almaq imkanı ola bilər. Müvafiq zamanda ərizəçilər bu barədə məlumatlandırılır.
C.3. Vəkalətnamə
Bu bölmədə imzaların əsli olmalıdır.
33. Ərizəçinin azyaşlı olması və ya hüquq qabiliyyəti olmadığı və ya imza atması fiziki cəhətdən mümkün olmadığı kimi hallar istisna olmaqla, ərizəçi, nümayəndənin onun adından fəaliyyət göstərməsi üçün onu səlahiyyətləndirən vəkalətnamə formasını imzalamalıdır. Hüquqşünas olmayan nümayəndə imzalamaq qabiliyyətində olmayan ərizəçinin təmsil olunması üçün hüquqşünasa müraciət etdiyi halda, həmin nümayəndə ərizəçinin adından vəkalətnamə formasını imzalamalıdır.
34 və 36. Bu xanalarda fərd ərizəçinin və onun nümayəndəsinin imza atdığı tarixlər qoyulmalıdır.
35. Ərizəçinin Məhkəməyə şikayət vermək səlahiyyətini verdiyi hüquqşünas və ya hər hansı bir şəxs vəkalətnaməni imzalayaraq bununla həmin şəxsin ona bu səlahiyyəti verdiyini qəbul etdiyini bildirməlidir. Belə bir imza olmazsa, nümayəndənin şikayətlə məşğul olmasına dair sübut olmadığına görə Məhkəmə yazışmaları yalnız ərizəçi ilə davam etdirə bilər.
Ayrıca vəkalətnamə forması göndərməyin: Məhkəmə ərizə formasında adları göstərilən şəxslər və onların əlaqə nömrələri barədə bütün məlumatlara malik olmalıdır. Ərizəçi və onun nümayəndəsi ərizəni hazırlayarkən bu vəkalətnamə bölümünü imzalamalıdırlar: praktik cəhətdən bir maneə yaxud çətinlik olmadığı halda hüquqşünas ərizə formasını və vəkalətnamə formasını ayrı-ayrı təqdim etməməlidir. Ərizəçi yalnız hüquqşünasları dəyişdiyi yaxud ərizə formasını təqdim etdikdən sonra hüquqşünas təyin etdiyi halda Məhkəmə ayrıca vəkalətnamə formasını qəbul edəcək – bu halda ərizəçilər Məhkəmənin internet saytında olan ayrıca vəkalətnamə formasından istifadə etməlidirlər. Həmin saytda tələb olunan bütün məlumatlar vardır. Ayrıca vəkalətnamə forması göndərilərkən, bu formanın göndərilməsinin səbəbi əsaslandırılmazsa, şikayət ərizəsi Qayda 47-yə əməl olunmamasısəbəbindən rədd ediləcəkdir.
Nümayəndə və Məhkəmə arasında elektron yazışmalar
ecomms Məhkəmənin təşəbbüsü ilə yaradılan və ərizəçinin nümayəndəsinin Məhkəmə ilə elektron yazışmasına imkan yaradan xidmətdir. Bu xidmət yalnız şikayət ərizəsi üzrə müvafiq Hökumətdən yazılı şərhlər istənildikdə aktivləşdirilir.
37. Göstərdiyiniz e-mail ünvanı üzrə eComms hesabı açılacaqdır. Hüquq şirkətində işləyən nümayəndələrə tövsiyyə olunur ki, hesabın şirkət daxilindəki bir neçə istifadəçi tərəfindən istifadə olunması üçün vahid e-mail ünvanı göstərsinlər.
eComms hesabınızın e-mail ünvanı dəyişərsə bu barədə məlumat verin.
Daha ətraflı məlumat üçün eComms internet saytındakı (https://ecomms.echr.coe.int) qaydalara və şərtlərə, eləcə də ərizəçilər tərəfindən aparılan elektron sənədləşdirmə barədə Təlimata (www.echr.coe.int/practicedirections) (yalnız ingilis və fransız dillərindədir) istinad edin.
D.1. Təşkilatın vəzifəli şəxsi
D.1. Təşkilatın vəzifəli şəxsi
38–45. Ərizəçi təşkilat onun adından fəaliyyət göstərməyə səlahiyyəti olan və Məhkəmənin lazım olduğu təqdirdə yazışa biləcəyi şəxs – şirkətin vəzifəli şəxsi, şirkətin sədri yaxud direktoru – tərəfindən təmsil olunmalıdır. Bu şəxs təşkilatın adından şikayət vermək səlahiyyəti olması barədə sənəd təqdim etməlidir: məsələn, belə sənəd, həmin ölkədə mövcud prosedura uyğun olaraq, şirkətin qeydiyyat sənədindən və ya ticarət palatasında qeydiyyat sənədindən çıxarışın surəti, notariusda təsdiq olunmuş vəkalətnamə yaxud idarəedici orqanın protokolu ola bilər. Belə bir sənəd olmazsa, bununla əlaqədar izahat verilməlidir.
Bu bölmədə təşkilatın adından fəaliyyət göstərməyə hüquqi vəzifəsi yaxud səlahiyyəti olan şəxsin adı və əlaqə nömrələri göstərilməlidir.
Təşkilatın rəsmi nümayəndəsi eyni zamanda bu təşkilatın adından fəaliyyət göstərən hüquqşünas olarsa, həm bu bölməni, həm də bölmə D.2 bölməsini doldurmaqla bunu aydın şəkildə göstərmək lazımdır.
D.2. Hüquqşünas
46–52. Ərizəçini təmsil edən hüquqşünasın əlaqə məlumatları tam göstərilməlidir. Şikayətin verilməsi mərhələsində ərizəçinin hüquqşünas tərəfindən təmsil olunması məcburi deyildir. Şikayətə baxış hüquqşünas tərəfindən təmsil olunmağın tələb olunduğu mərhələyə gəlib çatarsa, ərizəçiyə bu barədə məlumat verilir.
Hüquqşünas kimi təyin olunan şəxs bu bölmədə 55-ci xananı imzalamalıdır; ərizəçi təşkilatın nümayəndəsi 53-cü xananı imzalamalıdır.
D.3. Vəkalətnamə
Bu bölmədə imzaların əsli olmalıdır.
53. Hüquqşünasa təşkilatın adından fəaliyyət göstərmək üçün səlahiyyət vermək məqsədilə ərizəçi təşkilatın nümayəndəsi burada imza atmalıdır.
54 və 56. Burada ərizəçi təşkilatın nümayəndəsinin və hüquqşünasın imza atdıqları tarixlər qoyulmalıdır.
55. Ərizəçi təşkilatın nümayəndəsi tərəfindən Məhkəmədə şikayət vermək səlahiyyətləri verilən hüquqşünas bu səlahiyyətləri qəbul etdiyini göstərmək üçün vəkalətnaməni imzalamalıdır. Belə imza olmazsa, hüquqşünasın şikayətlə məşğul olması barədə bir dəlil olmadığından, Katiblik yazışmaları ərizəçi təşkilatın nümayəndəsi ilə davam edə bilər.
Ayrıca vəkalətnamə forması göndərməyin: Məhkəməyə lazım olan şəxsiyyət və əlaqə nömrələri barədə bütün məlumat ərizə formasında göstərilməlidir. Ərizəçi təşkilatın nümayəndəsi və hüquqşünas ərizəni hazırlayarkən vəkalətnamə bölümünü imzalamalıdırlar: praktik cəhətdən bir maneə yaxud çətinlik olmadığı halda hüquqşünas ərizə formasını və vəkalətnamə formasını ayrı-ayrı təqdim etməməlidir. Ərizəçi yalnız hüquqşünasları dəyişdiyi yaxud ərizə formasını təqdim etdikdən sonra hüquqşünas təyin etdiyi halda Məhkəmə ayrıca vəkalətnamə formasını qəbul edəcək – bu halda ərizəçilər Məhkəmənin internet saytında olan ayrıca vəkalətnamə formasından istifadə etməlidirlər. Həmin saytda tələb olunan bütün məlumatlar vardır. Ayrıca vəkalətnamə forması göndərilərkən, bu formanın göndərilməsinin səbəbi əsaslandırılmazsa, şikayət ərizəsi Qayda 47-yə əməl olunmamasısəbəbindən rədd ediləcəkdir.
Nümayəndə və Məhkəmə arasında elektron yazışmalar
ecomms Məhkəmənin təşəbbüsü ilə yaradılan və ərizəçi təşkilatın nümayəndəsinin Məhkəmə ilə elektron yazışmasına imkan yaradan xidmətdir. Bu xidmət yalnız şikayət ərizəsi üzrə müvafiq Hökumətdən yazılı şərhlər istənildikdə aktivləşdirilir.
57. Göstərdiyiniz e-mail ünvanı üzrə eComms hesabı açılacaqdır. Hüquq şirkətində işləyən nümayəndələrə tövsiyyə olunur ki, hesabın şirkət daxilindəki bir neçə istifadəçi tərəfindən istifadə olunması üçün vahid e-mail ünvanı göstərsinlər.
eComms hesabınızın e-mail ünvanı dəyişərsə bu barədə məlumat verin.
Daha ətraflı məlumat üçün eComms internet saytındakı (https://ecomms.echr.coe.int) qaydalara və şərtlərə, eləcə də ərizəçilər tərəfindən aparılan elektron sənədləşdirmə barədə Təlimata (www.echr.coe.int/practicedirections) (yalnız ingilis və fransız dillərindədir) istinad edin.
E., F. və G.: Ərizənin məzmunu
58–65. Yiğcam olun. İşin əsas halları və qərarlar, hüquqlarınızın hansı şəkildə pozulması kimi şikayətinizə aid olan mühüm məlumatları göstərin; əhəmiyyətsiz məlumatları və ya işə birbaşa aidiyyatı olmayan məsələləri daxil etməyin. Uzun sitatlardan istifadə etməyin: bundansa, əlavə olunan sənədlərə istinad edin. İşinizə aid olan faktlar və şikayətləriniz ərizə formasında ayrılmış bölmələr daxilində göstərilməlidir. Bu elə şəkildə edilməlidir ki, Məhkəməyə, digər materiallara istinad etmədən, ərizənin mahiyyəti və əhatə sahəsini müəyyən etmək imkanı versin. Bu məlumatlar şikayətinizə düzgün şəkildə və tez bir zamanda baxmaq üçün zəruridir, və onlar əlavə olunan sənədlərdə deyil, ərizə formasının səhifələrində öz əksini tapmalıdır. Burada faktlar, şikayətlər, qəbul edilmə şərtlərinə uyğunluq aydın, yığcam və oxunaqlı şəkildə göstərilməlidir. Hər xırda məlumatı buraya qeyd etmək lazım deyil. Ərizə formasındakı səhifələri boş buraxaraq “qoşmadakı əlavəyə baxın” yazmaq olmaz. Müvafiq məlumatları ərizə formasında bunlar üçün ayrılmış sahələrdə doldura bilməsəniz, şikayətinizə Məhkəmədə baxılmaya bilər.
Əlavə məlumatlar yaxud izahatlar, lazım olarsa, ərizə formasına qoşmada (ayrıca sənəddə) əlavə oluna bilər. Belə təqdimat 20 səhifədən artıq olmamalıdır (əlavə olunmuş qərar və sənədlərin surətləri bu saya daxil deyildir). Bu o deməkdir ki, bu məlumatları ərizə formasında başlayaraq mətnin ardını əlavə səhifələrdə, 20 səhifəyə qədər, davam etdirə bilərsiniz. Bu 20 səhifə ərizə formasının müvafiq hissələrində yığcam şəkildə göstərilməli olan faktların ifadəsinə, şikayətlərə və qəbul edilmə şərtlərinə uyğunluq barədə məlumatlara əlavədir. Belə qoşmaya yeni şikayətlər əlavə edilməməlidir, bu qoşmadan yalnız ərizə formasında artıq qaldırılan şikayətlər barədə geniş məlumat vermək üçün istifadə olunmalıdır.
Əgər cavabdeh Hökumətə öz şərhlərini təqdim etməsi üçün şikayət ərizəsi barədə məlumat verilərsə, ərizəçiyə Hökumətin şərhlərinə cavab olaraq öz arqumentlərini ətraflı şəkildə təqdim etməsi üçün imkan yaradıldığını nəzərə alın.
Təqdim olunan bütün məlumatlar tam oxunaqlı olmalıdır və əgər ərizə formasında göstərilən faktların ifadəsinə, şikayətlərə və qəbul edilmə şərtlərinə uyğunluq barədə məlumatlara əlavə olaraq digər təqdimatlar qoşularsa, onlar aşağıdakı kimi olmalıdır:
- Mətn tam oxunaqlı olmalıdır; Çap olunduğu halda əsas mətndə 12pt şrift ölçüsündə və səhifə-altı qeydlər sahəsində 10pt ölçüsündə olmalıdır;
- Qoşmalar A4 formatda olmalı və səhifələrin kənar boşluğunun eni 3.5 sm-dən az olmamalıdır;
- Səhifələr ardıcıl nömrələnməlidir; və
- Mətn nömrələnmiş paraqraflara ayrılmalıdır.
Bir qayda olaraq Katibliyə göndərdiyiniz ərizə forması və sənədlərdəki hər hansı məlumat, o cümlədən, ərizəçi və yaxud üçüncü tərəflər barədə məlumatlar ictimaiyyətə açıq olacaqdır. Məhkəmə belə məlumatı işin cavabdeh Hökumətə bildirilməsi üçün tərtib olunan faktların ifadəsinə və ya qəbuledilənlik yaxud siyahıdan çıxarma üzrə qərarda, və ya mahiyyəti üzrə qərara daxil edərsə, bu məlumat Məhkəmənin internetlə açıq olan HUDOC məlumat bazasında çıxa bilər. Buna görə də şəxsi həyatınızla və yaxud üçüncü tərəflərin şəxsi həyatı ilə bağlı yalnız işin anlaşılması üçün zəruri olan məlumatı verməlisiniz.
Şəxsiyyəti haqqında məlumatların ictimaiyyətə açıqlanmasını istəməyən ərizəçilər belə istəklərini bildirməli və Məhkəmə icraatının ictimaiyyətə açıq olması barədə ümumi qaydanın onların işinə tətbiq olunmamasını əsaslandıran səbəbləri göstərməlidirlər. Məhkəmə anonimliyin tətbiq olunmasına istisna olaraq və lazımi şəkildə əsaslandırılmış hallarda icazə verə bilər.
E. Faktların ifadəsi
58–60. Aydın və yığcam olun. Dəqiq tarixləri göstərin.
Xronoloji ardıcıllığa əməl edin. Hadisələri ardıcıllıq tarixi ilə göstərin.
Şikayətləriniz müxtəlif məsələrə (məsələn, müxtəlif məhkəmə icraatlarına) aiddirsə, hər bir məsələni ayrıca ifadə edin.
İddia etdiklərinizi əsaslandıran sənədləri, xüsusilə də şikayət etdiyiniz məsələlər üzrə qərarların və digər sənədlərin (məsələn, mülkiyyətdən çıxarılma və ya deportasiya barədə bildiriş) surətlərini göndərməlisiniz. Eyni zamanda, tibbi arayış, şahid ifadəsi, protokollar, mülkiyyət sənədləri və ya həbsdə keçirilmiş müddətlə bağlı sənədlər kimi iddianızı dəstəkləyən yazılı sübut təşkil edən sənədləri göndərməlisiniz. Müəyyən sənədlərin surətlərini əldə edə bilmədikdə bunun səbəbini izah etməlisiniz.
F. Konvensiya və/və ya Protokol(lar) üzrə iddia edilən pozuntu(lar)ın ifadəsi və müvafiq dəlillər
61–62. Edilən hər bir şikayətlə bağlı, Konvensiya və ya Protokolların hansı maddəsinə əsaslanmanızı dəqiqləşdirməli və həmin maddənin hansı şəkildə pozulduğunu qısa və konkret olaraq izah etməlisiniz.
Konvensiya üzrə nədən şikayət etdiyinizi bacardığınız qədər dəqiq göstərin. Konvensiyanın hansı müddəalarına əsaslandığınızı göstərin və ifadə etdiyiniz faktların nə üçün bu müddəaların pozuntusu ilə nəticələndiyini izah edin.
Məsələn:
Maddə 6 § 1: zərərin ödənməsi haqqinda mülki iddiamla bağlı məhkəmə prosesi həddən artıq uzun vaxt davam edib, belə ki 10 yanvar 2002 tarixindən 25 aprel 2012 tarixinə qədər müddəti əhatə etməklə 10 ildən artıq davam etmişdir.
G. Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə əməl olunması (Ölkədaxili hüquq müdafiə vasitələrinin tükənməsi və dörd aylıq müddət üzrə məlumat)
63. Bu bölmədə Məhkəmənin beynəlxalq yurisdiksiyasına müraciət etməmişdən əvvəl Dövlətə məsələni düzgün həll etmək şansı vermiş olduğunuzu göstərməlisiniz. Yəni, aidiyyatı olan ölkədə mövcud olan səmərəli hüquq müdafiə vasitələrindən istifadə etmənizi izah etməlisiniz.
Konvensiya və ya Protokol üzrə hər bir şikayətlə bağlı aşağdakıları qeyd etməyiniz xahiş olunur:
- Son qərarın dəqiq tarixi, məhkəmə və ya tribunalın adı və qərarın mahiyyəti;
- Son qərara aparan digər aşağı instansiya məhkəmə və ya tribunal qərarlarının tarixləri; və
- Ölkədaxili məhkəmə araşdırmalarında iş qovluğunun nömrəsi.
Aşağı instansiyadan başlayaraq bütün məhkəmə və ya digər qərarverici orqanlar tərəfindən qəbul edilmiş bütün qərarların surətlərini əlavə etməyi unutmayın; həmçinin, Konvensiya üzrə şikayətinizin hər bir instansiyada qaldırdığnızı göstərmək məqsədi ilə, məhkəmələrə təqdim etdiyiniz iddia ərizələrinizin və apellyasiya şikayətlərinizin surətlərini əlavə etməlisiniz.
Eyni zamanda, hər bir şikayəti ölkədaxili hüquq müdafiə vasitələrinin tükədilməsi prosesində müvafiq son qərardan dörd ay müddətində Məhkəməyə təqdim etdiyinizi göstərməlisiniz. Son qərarın tarixinin müəyyən edilməsi çox vacibdir və bunula bağlı sübut təqdim olunmalıdır. Tarixin göstərildiyi qərarın surətini göndərməklə bunu sübut edə bilərsiniz. Son qərarın çıxarıldığı və ya açıqlandığı tarixdə nüsxəsini almadığınız halda, təqdim olunma tarixinin sübutu, məsələn alınma tarixi haqqında sənədin, xəbərnaməli məktubun və ya zərfin surəti təqdim olunmalıdır. Müvafiq hüquq müdafiə vasitələrinin mövcud olmadığı halda, ərizənin şikayət edilmiş hərəkət, tədbir və ya qərardan dörd ay müddətində verildiyini sübut etməlisiniz və hərəkət, tədbir və ya qərarın baş veridyi tarixin yazılı sübutunu təqdim eməlisiniz.
64–65. İstifadə etmədiyiniz, lakin istifadəsi mümkün olan hüquq müdafiə vasitələri varsa burada göstərməlisiniz. Belə olduğu halda həmin hüquq müdafiə vasitələrindən istifadə etməyinizin səbəblərinizi açıqlamalısınız.
Ölkədaxili vasitələrin tükənməsi və dörd aylıq müddətə əməl olunması barədə əlavə məlumatı Qəbul edilənlik meyarları üzrə Praktiki Təlimatda tapa bilərsiniz (www.echr.coe.int/applicants).
H. Digər beynəlxalq proseslər barədə məlumat (müraciət etdiyiniz halda)
66–67. Ərizənizdə ifadə edilən şikayətlər üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) qurumu olan Beynəlxalq Əmək Təşkilatı (BƏT) və ya BMT İnsan Hüquqları Komitəsi və ya beynəlxalq arbitraj paneli kimi digər beynəlxalq araşdırma və ya nizamlama proseduruna müracitət edib-etmədiyinizi göstərməlisiniz. Müraciət etdiyiniz halda, şikayətinizin verildiyi orqanın adı, araşdırmalarının tarixi və detalları, çıxarılan bütün qararların detalları barədə ətraflı məlumat verməlisiniz. Həmçinin, müvafiq qərarlar və digər sənədlərin surətlərini göndərməlisiniz.
68–69. Məhkəməyə təqdim etdiyiniz öncəki və ya həllini gözləyən ərizələr: Siz, ərizəçi kimi hal-hazırda Məhkəmənin baxılmasında olan və ya keçmişdə olduğu hər hansı digər ərizənizin olub-olmamasını dəqiqləşdirməlisiniz. Ərizənizin olduğu halda onun nömrəsini (və ya ərizələrin nömrələrini) göstərin. Bu, Məhkəmədə Sizin adınıza olan müxtəlif ərizələrin qeyd olunması, müəyyən edilməsi və baxılması üçün çox mühümdür.
I. Əlavə olunan sənədlərin siyahısı
70. E., F., G və H bölmələrində göstərilən bütün qətnamə və qərarların, və həmçinin Konvensiyanın pozuntusu ilə bağlı iddianızı sübut edəcək dəlil qismində Məhkəmənin nəzərə almasını istədiyiniz hər hansı digər sənədlərin (baxış protokolları, şahid ifadələri, tibbi arayış və s.) nömrələnmiş və xronoloji qaydada ardıcıl siyahısını əlavə etməlisiniz. Sənədlərin siyahısında hər bir sənədin səhifə nömrəsini göstərin, bu, Məhkəməyə istənilən sənədi sənədlər toplusunda asanlıqla tapmağa imkan yaradır. Ərizə formasında ayrılmış sahə kifayət deyilsə, siyahının ardı üçün ayrıca səhifə əlavə edə bilərsiniz.
Siyahıda istinad olunan bütün sənədlərin tam və oxunaqlı surətlərini əlavə etməlisiniz.
Heç bir sənəd Sizə geri qaytarılmayacaqdır. Bu səbəbdən sənədlərin əsillərini yox, onların surətlərini göndərmək sizin marağınızdadır.
Aşağıdakılara əməl olunmalıdır:
- Sənədlər ardıcıllıqla onların tarix və aid olduqları ölkədaxili icraat üzrə düzülməlidir;
- Səhifələri ardıcıl nömrələnməlidir; və
- Sənədlər pərçimlənməməli, tikilməməli və bir-birinə yapışdırılmamalıdır.
XATIRLATMA: Tamamlanmış ərizə üçün tələb olunan bütün məlumat və sənədlərin əldə edilməsi ilə bağlı lazımi addımların vaxtında atılması ərizəçinin məsuliyyətindədir. Lazımi sənədlərdən bir və ya bir neçəsi çatmadıqda, ərizəniz natamam hesab ediləcək və çatışmayan sənəd(lər)in göndərilməməsinin qənaətbəxş izahatı olmadıqda Məhkəmə tərəfindən işinizə baxılmayacaqdır.
Nəzərə alın ki, təhlükəsizlik məqsədilə içində şübhəli əşyalar olan şikayət ərizələri ləğv ediləcəkdir.
Bəyanat və imza
Bu bölmədə imzaların əsli olmalıdır.
72–73. Hər bir ərizəçi və ya səlahiyyətli nümayəndə bəyanat imzalamalıdır. Başqa heç kəs bunu edə bilməz.
Yazışmaların aparılacağı şəxsin təyin olunması
74. Katiblik ərizəçilərdən biri və ya bir nümayəndə ilə əlaqə saxlayacaqdır. Bir neçə ərizəçi olduqda və nümayəndə olmadıqda ərizəçilərdən biri Katiblik ilə əlaqə saxlamaq üçün əlaqələndirici şəxs kimi təyin olunmalıdır. Ərizəçinin bir və ya bir neçə nümayəndə ilə təmsil olunduğu hallarda, Katiblik yalnız bir nümayəndə ilə yazışma aparacaqdır. Beləliklə, birdən çox hüquqşünasla təmsil olunan ərizəçi onların arasından Məhkəmə ilə yazışma aparacaq bir hüquqşünası müəyyənləşdirməlidir.
III. Ərizənin məhkəməyə təqdim edilməsi və ona Məhkəmə tərəfindən baxılması barədə məlumat
A. Şikayət ərizənizi necə təqdim etmək olar
Ərizələr Məhkəməyə yalnız poçt vasitəsilə (telefonla deyil) təqdim olunmalıdır. Bu o deməkdir ki, ərizəçinin(lərin) və ya səlahiyyətli nümayəndənin(lərin) orijinal imzası ilə olan yazılı ərizə forması poçt vasitəsi ilə göndərilməlidir Məhkəmə orijinal imzalanmış ərizə formasını tələb etdiyi üçün, faks ilə göndərilmiş ərizə forması tamamlanmış ərizə hesab edilmir. Şikayətinizi şifahi şəkildə çatdırmaq məqsədilə şəxsən Strasburqa gəlməyinizin heç bir anlamı yoxdur.
Ərizə formasını Məhkəmənin internet saytından www.echr.coe.int/applicants yükləyə bilərsiniz.
Şikayət ərizəsi aşağıdakı ünvana göndərilməlidir:
The Registrar
European Court of Human Rights
Council of Europe
67075 STRASBOURG CEDEX
FRANCE
B. Ərizəyə baxılma prosesi
Məhkəmə tərəfindən iş qovluğunun açılması, yazışma və sənədlərin Məhkəmə tərəfindən özündə saxlanılması yalnız Məhkəməyə tamamlanmış ərizə formasının (əlavə sənədlərlə birlikdə) daxil olması təqdirdə baş verir.
Ərizə forması alındıqdan sonra Məhkəmənin Katibliyi tələb olunan bütün məlumatların göstərilməsini və sənədlərin əlavə olunmasını yoxlayacaqdır. Əgər ərizə tamam deyilsə Siz 47-ci qaydaya əməl olunmaması, iş qovluğunun açılmaması və göndərdiyiniz heç bir sənədin Məhkəmədə saxlanılmaması barədə cavab alacaqsınız. Bundan sonra Sizin yeni bir ərizə forması təqdim etmək imkanınız var. Bu halda, daha öncə göndərdiyiniz məlumatlar da daxil olmaqla, yeni tam şəkildə doldurulmuş ərizə forması və ona qoşulmuş bütün müvafiq sənəd və qərarlar yenidən göndərilməlidir. Tamamlanmamış sənədlər qəbul edilməyəcəkdir.
Katiblik sizə şikayət etdiyiniz Dövlətin qanunvericiliyi barədə məlumat, eləcə də ərizəniz və yerli qanunvericiliyin tətbiqi və şərhinə dair hüquqi məsləhət verə bilməz.
Ərizənizi göndərərkən ərizə formasının bir surətini və sənədlərin əsillərini özünüzdə saxlanmağınız məsləhət görülür. Bu halda, Katiblik ərizənizin natamam olması barədə məlumat verdiyi təqdirdə, Siz asanlıqla və çox təxirə salmadan yeni və bu dəfə tamamlanmış ərizə formasını göndərə bilərsiniz. Natamam şəkildə doldurulmuş ərizə formasına baxılmaqdan imtina edilərsə, yenidən tam şəkildə doldurulmuş ərizəni dörd aylıq müddət daxilində təqdim edə bilmək üçün kifayət qədər zamanınızın olacağına heç bir zəmanət yoxdur. Bu səbəbdən, çalışmalısınız ki, tamamlanmış ərizə formasını və lazımi sənədləri vaxtında göndərəsiniz.
Təqdim edilən ərizə forması tamdırsa, Siz Katiblikdən adınıza iş qovluğunun (iş qovluğunun nömrəsinə bütün sonrakı yazışmalarda istinad olunmalıdır) açılması barədə məlumat verən cavab məktubu alacaqsınız və bu məktubla Sizə gələcək yazışmalarda istifadə üçün barkod etiketləri göndəriləcəkdir.
Katiblik həmçinin Sizdən əlavə məlumat və ya açıqlama tələb edə bilər. Katibliyin hər hansı məktubuna tez cavab vermək sizin marağınızdadır, çünki yeni açılmış iş qovluğu ərizəçidən cavab alınmadığı halda altı aydan sonra ləğv ediləcəkdir. Bundan əlavə, Məhkəməyə baxılması üçün təqdim edilən iş üzrə Katibliyin hər hansı məktubuna cavabın gecikdirilməsi və ya göndərilməməsi, Sizin işinizin davam etdirməyə artıq maraqlı olmamağınız kimi dəyərləndirilə bilər. Bu Məhkəmənin şikayətinizə baxmaması, onu qəbul olunmayan elan etməsi və yaxud Məhkəmənin şikayətləri siyahısından çıxarması ilə nəticələnə bilər.
C. Məhkəmə ödənişsizdir
Məhkəmə tərəfindən işinizə pulsuz baxılacaq. Məhkəmə tərəfindən qəbul edilən hər hansı bir qərar barəsində lazımi qaydada Sizə məlumat veriləcəkdir.