Məhkəmə Qaydaları
Qayda 471 – Fərdi şikayətlərin məzmunu
1. Konvensiyanın 34-cü maddəsinə əsasən təqdim edilən fərdi şikayətlər (Məhkəmə fərqli şəkildə qərar qəbul etmədiyi halda) Katiblik tərəfindən təmin olunan ərizə formasında təqdim olunmalıdır. Ərizə formasının müvafiq hissələrində tələb olunan aşağıda göstərilən bütün məlumatlar aydın şəkildə ifadə olunmalı və doldurulmalıdır:
(a) ərizəçinin adı, doğulduğu tarix, vətəndaşlığı və ünvanı; ərizəçi hüquqi şəxs olarsa, onun tam adı, təsis və ya qeydiyyat olunduğu tarix, (əgər varsa) rəsmi qeydiyyat nömrəsi və rəsmi ünvanı;
(b) əgər varsa, nümayəndənin adı, ünvanı, telefon və faks nömrələri, həmçinin elektron poçt ünvanı;
(c) ərizəçinin nümayəndəsi varsa, ərizə formasının vəkalətnamə bölümündə ərizəçinin imzasının əsli və tarix olmalıdır; ərizəçinin adından fəaliyyət göstərmək səlahiyyətini qəbul etməsini təsdiq edən nümayəndənin imzasının əsli də ərizə formasının vəkalətnamə bölümündə olmalıdır; əgər bu tələblərə əməl edilməməsinin səbəbləri ilə bağlı tutarlı əsaslar göstərilərsə və Məhkəmənin vəkalətnaməsi əsl imza ilə imzalanmış şəkildə və ağlabatan müddətdə Məhkəməyə təqdim edilərsə, Məhkəmə imzaların surətlərini və ya Razılığa gələn Tərəflərin qanunvericiliyinə uyğun digər vəkalətnamələri qəbul edə bilər;
(d) şikayət edilən Razılığa gələn Tərəfin yaxud Tərəflərin adı;
(e) işin hallarının yığcam və oxunaqlı ifadəsi;
(f) iddia olunan Konvensiya pozuntusunun və ya pozuntularının və müvafiq dəlillərin yığcam və oxunaqlı ifadəsi; və
(g) ərizəçinin Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş qəbuledilənlik meyarlarına əməl etdiyini təsdiq edən yığcam və oxunaqlı ifadə.
2.
(a) Yuxarıdakı 1-ci paraqrafın (e) – (g) bəndlərində tələb olunan bütün məlumatlar, Məhkəmənin digər bir sənədə istinad etmədən şikayətin mahiyyətini və həcmini müəyyənləşdirə bilməsi üçün ərizə formasının müvafiq hissələrində kifayət şəkildə ifadə olunmalıdır.
(b) Eyni zamanda, ərizəçi, yuxarıda göstərilən məlumatı tamamlamaq məqsədi ilə işin halları, iddia olunan Konvensiya pozuntuları və müvafiq dəlillər barədə daha ətraflı məlumatı ərizə formasına əlavə şəklində təqdim edə bilər. Belə əlavə məlumat 20 səhifədən artıq olmamalıdır.
3.1. Ərizə forması ərizəçi və ya ərizəçinin nümayəndəsi tərəfindən imzalanmalı və aşağıdakı sənədlərlə müşayiət olunmalıdır:
(a) şikayət edilən məhkəmə və ya digər orqanların qərarları və ya tədbirləri ilə bağlı sənədlərin surətləri;
(b) ərizəçinin ölkədaxili hüquq müdafiə vasitələrini tükətdiyini və Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş müddətə əməl etməsini sübut edən sənəd və qərarların surətləri;
(c) müvafiq hallarda, hər hansı digər beynəlxalq araşdırma və ya nizamlama prosedurları ilə bağlı sənədlərin surətləri;
(d) Qayda 47-nin 1 (a) bəndində istinad edildiyi kimi ərizəçi hüquqi şəxs olarsa, şikayəti təqdim edən fərdi şəxsin ərizəçini təmsil etmək hüququ və ya səlahiyyəti olduğunu təsdiq edən sənəd və ya sənədlər.
3.2. Ərizə formasına əlavə olunmuş sənədlər onların tarixləri üzrə xronloji qaydada siyahıya alınmalı, ardıcıl şəkildə nömrələnməli və aydın şəkildə təsvir olunmalıdır.
4. Şəxsiyyəti haqqında məlumatların ictimaiyyətə açıqlanmasını istəməyən ərizəçilər belə istəklərini bildirməli və Məhkəmə icraatının ictimaiyyətə açıq olması barədə ümumi qaydanın onların işinə tətbiq olunmamasını əsaslandıran səbəbləri göstərməlidirlər. Məhkəmə ərizəçinin anonim qalmasına icazə verə və ya bu barədə öz təşəbbüsü ilə qərar qəbul edə bilər.
5.1. Bu Qaydanın 1–3 bəndlərində nəzərdə tutulmuş şərtlərə əməl olunmaması Məhkəmənin şikayət ərizənizə baxmaması ilə nəticələnə bilər, aşağıdakı hallar istisna olmaqla:
(a) ərizəçi yuxarıdakı şərtlərin yerinə yetirilməməsinin səbəblərini qənaətbəxş şəkildə izah etdiyi halda;
(b) şikayət ərizəsi müvəqqəti məcburiyyət tədbiri barədə qərar qəbul olunması xahişi ilə bağlı olduğu halda;
(c) Məhkəmə öz təşəbbüsü və ya ərizəçinin xahişinə uyğun fərqli qərar verdiyi halda.
5.2. Məhkəmə istənilən halda ərizəçidən müəyyən edilmiş müddət ərzində uyğun hesab etdiyi formada və qaydada hər hansı məlumat və ya sənəd təqdim etməyi xahiş edə bilər.
6.
(a) Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin mənasında şikayətin verilmə tarixi bu Qaydanın tələblərinə cavab verən ərizə formasının Məhkəməyə göndərildiyi tarix hesab olunur. Göndəriş tarixi poçt möhürünün tarixi hesab olunur.
(b) Bununla belə, şikayətin verilmə tarixinin fərqli tarix hesab edilməsi üçün əsaslar olarsa, Məhkəmə bu tarixin fərqli tarix hesab edilməsi barədə qərar verə bilər.
7. Ərizəçilər ünvanlarının dəyişməsi və şikayətə aidiyyatı olan bütün hallar barədə Məhkəməyə məlumat verməlidirlər.
__________1 Məhkəmə tərəfindən 17 iyun və 8 iyul 2002-ci il, 11 dekabr 2007-ci il, 22 sentyabr 2008-ci il, 6 may 2013-cü il, 1 iyun və 5 oktyabr 2015-ci il və 18 yanvar 2024-cü il tarixlərində edilmiş dəyişikliklərlə.