Müvəqqəti tədbir üçün müraciət təqdim edərkən Məhkəmə ilə necə əlaqə saxlamalı

Müvəqqəti tədbirlər üçün müraciətlər Məhkəmə Katibliyinin əməkdaşları tərəfindən bazar ertəsindən cümə gününədək saat 8:00-dan 16:00-dək (Strasburq yerli vaxtı ilə) qəbul edilir. Saat 16:00-dan sonra daxil olan müraciətlərə həmin gün baxılmayacaq. Həftə sonları və rəsmi bayram günlərində daxil olan müraciətlərə həmin günlərdə baxılmır; onlar növbəti iş günündə işlənilir (rəsmi və digər bayram günlərinin siyahısına baxın).

Müraciətlər ECHR Rule 39 Site vasitəsilə, yaxud faksla və ya poçtla göndərilməlidir. Məhkəmə elektron poçtla göndərilən müraciətlərə baxmayacaq.

– ECHR Rule 39 Site vasitəsilə: veb-ünvan https://r39.echr.coe.int-dir. Əlavə məlumat üçün aşağıya baxın.

– faksla: faksla: müraciətlərin göndərilməsi üçün ayrılmış nömrələr bunlardır: +33 3 90 21 43 50 və +33 3 88 41 39 00. 10 səhifədən çox olan faksların lazımi qaydada qəbul edilib işlənilməsi üçün onların bir neçə hissədə göndərilməsi tövsiyə olunur.

– poçtla:

European Court of Human Rights
Council of Europe
67075 STRASBOURG CEDEX
FRANCE

Faksla və ya poçtla göndərilən bütün müraciətlərin üz səhifəsində aşağıdakı qeyd qalın şriftlə göstərilməlidir:

“Rule 39 – Urgent
Person to contact (name and contact details): …”

Ölkədən çıxarılma və ya ekstradisiya işlərində aşağıdakılar da əlavə olaraq göstərilməlidir:

“Scheduled date and time of removal and destination: …”

Müraciətlər, bir qayda olaraq, ölkədaxili son qərar qəbul edildikdən sonra mümkün qədər tez daxil olmalıdır ki, Məhkəmənin və onun Katibliyinin məsələni araşdırmaq üçün kifayət qədər vaxtı olsun. Planlaşdırılmış çıxarılma vaxtına bir iş günündən az müddət qalmış daxil olan ölkədən çıxarılma və ya ekstradisiya işləri üzrə müraciətlərə Məhkəmə baxmaq imkanında olmaya bilər.

ECHR Rule 39 Site vasitəsilə müraciətlərin təqdim edilməsi haqqında ətraflı məlumat

ECHR Rule 39 Site yalnız Məhkəmə Qaydalarının 39-cu maddəsinə əsasən Məhkəməyə müvəqqəti tədbirlər üçün müraciətlərin təqdim edilməsi məqsədilə istifadə olunmalıdır. Müvəqqəti tədbirlər üçün müraciətlərə aid olmayan təqdimatlar araşdırılmayacaq və bu saytda belə müraciətlər dərhal bağlanacaq.

Sayt müvəqqəti tədbirlər üçün müraciət barədə qərar qəbul edilənədək müraciətlərini bu sayt vasitəsilə təqdim etmiş ərizəçilərlə yazışma üçün istifadə olunacaqdır. Sayt vasitəsilə aparılan yazışmalar, o cümlədən hər hansı inzibati və ya məhkəmə qərarı barədə bildiriş adi poçtla göndərilməyəcəkdir. Məhkəmə müraciətlərini başqa vasitələrlə, yəni faksla və ya poçtla təqdim etmiş ərizəçilərlə əlaqə saxlamaq üçün saytdan istifadə etməyəcəkdir.

Müraciətləri təqdim etmək üçün ərizəçilər aşağıdakıları etməlidirlər (məcburidir):

• “Müraciətin adı” sahəsini doldurmaq (ərizəçilər bu sahədə müraciətlərinin predmetini qısa şəkildə izah etməlidirlər)

• Ərizəçilər, nümayəndə və aidiyyəti Dövlətlə bağlı sahələri doldurmaq

• Ən azı bir əlavə təqdim etmək. Bütün əlavələr PDF formatında olmalıdır. Sənəd formatı və ölçü tələbləri barədə daha ətraflı məlumat Şərtlər və Qaydalarda (Terms and Conditions) tapıla bilər.

Vacibdir

Müvəqqəti tədbir üçün müraciət təqdim edildikdən sonra ərizəçilər əlavə məlumat və ya sənədləri ECHR Rule 39 Site vasitəsilə yalnız Məhkəmə onlardan bunu tələb etdikdə göndərə bilərlər.