Praktiki təlimat
Müvəqqəti tədbirlər üçün müraciətlər1
(Məhkəmə Qaydalarının 39-cu maddəsi)
1 Məhkəmə Sədri tərəfindən Məhkəmə Qaydalarının 32-ci maddəsinə uyğun olaraq 5 mart 2003-cü ildə verilmiş və 16 oktyabr 2009-cu il, 7 iyul 2011-ci il, 3 may 2022-ci il və 28 mart 2024-cü il tarixlərində yenidən baxılmış Praktiki təlimat
I. Giriş
Konvensiya sistemində aradan qaldırıla bilməyən zərərin qaçılmaz riski mövcud olduqda, Məhkəmə Qaydalarının 39-cu maddəsinə əsasən müstəsna hallarda – tərəfin və ya aidiyyəti olan hər hansı digər şəxsin müraciəti əsasında, yaxud Məhkəmənin öz təşəbbüsü ilə – müvəqqəti tədbirlər təyin edilə bilər. Bu tədbirlər milli məhkəmələrin və/və ya Məhkəmənin Konvensiya üzrə şikayətləri lazımi qaydada araşdırmasına mane ola biləcək geri dönməz vəziyyətlərin qarşısını almaqda və lazım gəldikdə ərizəçiyə istinad etdiyi Konvensiya hüquqlarından praktik və səmərəli şəkildə faydalanmaq imkanı təmin etməkdə mühüm rol oynayır.
Cavabdeh Razılığa gələn Tərəfin müvəqqəti tədbirlərə əməl etməməsi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 34-cü maddəsi ilə təmin edilən fərdi şikayət hüququnun səmərəliliyini və Dövlətin Konvensiyanın 1-ci maddəsində təsbit edilmiş hüquq və azadlıqları qorumaq barədə rəsmi öhdəliyini sarsıdır. Müvəqqəti tədbir təyin edərkən Məhkəmə Konvensiyanın 19-cu maddəsinə uyğun olaraq, Razılığa gələn Yüksək Tərəflərin Konvensiya və ona dair Protokollar üzrə üzərlərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin etmək üçün öz yurisdiksiyasını həyata keçirir; Konvensiyanın 32-ci maddəsində nəzərdə tutulduğu kimi, bu yurisdiksiya onların şərhi və tətbiqi ilə bağlı bütün məsələlərə şamil olunur (bax, o cümlədən, Mamatkulov and Askarov v. Turkey [GC], nos. 46827/99 and 46951/99, §§ 128–29, ECHR 2005-I; Paladi v. Moldova [GC], no. 39806/05, §§ 84–106, 10 mart 2009-cu il; M.K. and Others v. Poland, nos. 40503/17 and 2 others, §§ 229–38, 23 iyul 2020-ci il; və K.I. v. France, no. 5560/19, § 115, 15 aprel 2021-ci il). Bu səbəbdən müvəqqəti tədbirlər məcburi qüvvəyə malikdir.
39-cu maddənin mətni müvəqqəti tədbirlərin hansı hallarda təyin edilə biləcəyini, habelə onlara dair müraciətlər və onların tətbiqi ilə bağlı tələb olunan həddi daha aydın göstərmək məqsədilə 23 fevral 2024-cü ildə dəyişdirilmişdir. Dəyişiklik, həmçinin, həmin maddənin mətnini Məhkəmənin müvəqqəti tədbirlərlə bağlı oturuşmuş presedent hüququ və praktikası ilə uyğunlaşdırmaq məqsədi daşıyırdı.
Bu yenilənmiş Praktiki təlimatın məqsədi Məhkəmə Qaydalarının 39-cu maddəsinə əsasən Məhkəmənin müvəqqəti tədbirlər prosedurunun maddi-hüquqi və prosessual aspektləri barədə ətraflı istiqamət vermək və bununla müvəqqəti tədbirlər üzrə icraatın aparılması, belə tədbirlərin təyin edilə biləcəyi müstəsna hallar və onların nə zaman yenidən nəzərdən keçirilə biləcəyi haqqında daha çox aydınlıq və şəffaflıq təmin etməkdir. Təlimat (potensial) ərizəçilərə, onların nümayəndələrinə, Razılığa gələn Tərəflərə və ümumən maraqlı tərəflərə ünvanlanır.
II. Müvəqqəti tədbirlər prosedurunun əhatə dairəsi və işləmə qaydası
A. Məhkəmə Qaydalarının 39-cu maddəsinin əhatə dairəsi
Məhkəmə müvəqqəti tədbir təyin etdikdə – bunu yalnız müstəsna hallarda edir – aradan qaldırıla bilməyən zərərin qaçılmaz riskindən müdafiə təmin etməyə çalışır. Buna görə də Məhkəmə, bütün mövcud məlumatları nəzərdən keçirdikdən sonra tədbiri tərəflərin mənafeyi və ya icraatın lazımi qaydada aparılması üçün zəruri saydıqda, icraatın tərəflərinə həmin tədbiri tətbiq etməyi göstəriş verir. Məhkəmənin təyin etdiyi müvəqqəti tədbirlər tərəflərdən müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb edə və ya onları konkret tədbirlər görməyə yönəldə bilər.
39-cu maddənin yeni kodifikasiya edilmiş mətni müvəqqəti tədbirlərin “Konvensiya ilə qorunan hüquqa aradan qaldırıla bilməyən zərərin qaçılmaz riski” olan işlərdə tətbiq olunduğunu göstərir. “Konvensiya ilə qorunan hüquqa aradan qaldırıla bilməyən zərər” anlayışı öz xarakterinə görə kompensasiya, əvvəlki vəziyyətə qaytarma və ya adekvat əvəzləmə yolu ilə aradan qaldırılması mümkün olmayan zərər kimi müəyyən edilmişdir. Bu kontekstdə “əvvəlki vəziyyətə qaytarma” termini hər hansı zərər vurulmazdan əvvəlki vəziyyətə qayıdışı ifadə edir. Beləliklə, Məhkəmə müvəqqəti tədbirləri o hallarda təyin edir ki, belə tədbirlər olmadıqda, Məhkəmə icraatın sonunda bunu əsaslı hesab etsə belə, restitutio in integrum və digər bərpa formalarının mümkün olmayacağı vəziyyət yarana bilər. Buna görə 39-cu maddənin tətbiqi üçün işin halları yüksək ciddilik həddinə çatmalıdır. Müvəqqəti tədbirlər yalnız aradan qaldırıla bilməyən zərərin qaçılmaz riskinə dair prima facie sübutlar olduqda təyin edilir; ərizəçilərin müvəqqəti tədbirlər olmadıqda sadəcə çətinliklə üzləşəcəyi hallar bunun üçün kifayət etmir. Daxili hüquq müdafiə vasitələrinin tükəndirilməsinə dair aşağıda III.C hissəsinə baxın.
Beləliklə, Məhkəmə müvəqqəti tədbirləri, prinsip etibarilə, yalnız müstəsna işlərdə və bütün müvafiq halların ciddi şəkildə araşdırılması əsasında təyin edir. Bu işlərin əksəriyyətində mövcud sübutlar Konvensiyanın əsas müddəalarının pozulması ilə əlaqədar həyat və fiziki toxunulmazlıq üçün real təhlükə və bunun nəticəsində ağır zərərin həqiqi riski barədə aydın şəkildə müdafiə oluna bilən iddianın olduğunu göstərir.
B. 39-cu maddə prosedurunda qərar qəbul edən orqanlar
Müvəqqəti tədbirlər üçün müraciətlər barədə qərar qəbul etmək səlahiyyəti növbətçi hakimlərə, yaxud zəruri hallarda Bölmə Sədrinə, Palataya, Böyük Palatanın Sədrinə, Böyük Palataya və ya Məhkəmə Sədrinə məxsusdur (39-cu maddə § 2).
Növbətçi hakimlər 8-ci maddənin 1-ci və 2-ci bəndlərinə əsasən beş Bölmənin sədr müavinləri kimi seçilmiş hakimlərdir. Onlar müvəqqəti tədbirlər üçün müraciətlər barədə qərar vermək üçün 39-cu maddənin 5-ci bəndinə uyğun olaraq Məhkəmə Sədri tərəfindən təyin edilirlər. 2022-ci ildən etibarən Bölmələrin bütün beş sədr müavini növbətçi hakim kimi fəaliyyət göstərir. Praktikada növbətçi hakimlər həmin hakimin seçildiyi və ya vətəndaşı olduğu Razılığa gələn Tərəfə qarşı verilmiş müvəqqəti tədbir müraciətlərinə baxmırlar.
39-cu maddənin dəyişdirilmiş mətnində Məhkəmənin plenar tərkibi zəruri olduqda Məhkəmə Sədrinə müvəqqəti tədbirlər təyin etməyə imkan verən xüsusi hüquqi əsas daxil etmək qərarına gəlmişdir.
Yeni fərdi şikayətlər üzrə müvəqqəti tədbir müraciətləri əsasən Məhkəmə Katibliyi daxilində ixtisaslaşmış bölmənin köməyi ilə növbətçi hakimlər tərəfindən araşdırılır. Növbətçi hakimlər 39-cu maddənin 2-ci bəndində sadalanan digər qərarverənlərdən birinə, o cümlədən kollegial orqanlara müvəqqəti tədbir müraciətini göndərmək imkanını saxlayırlar. Müraciətin digər qərarverənə göndərilməsi müxtəlif hallarda mümkündür və müraciətin xarakterindən, verildiyi işdən və təcililik dərəcəsindən asılıdır. Sonuncu amil kollegial orqana göndərməni qeyri-mümkün edə bilər; belə halda növbətçi hakim, o cümlədən sonradan həmin orqan tərəfindən müvəqqəti tədbir müraciətinin araşdırılmasını asanlaşdırmaq məqsədilə, 39-cu maddəni müvəqqəti tətbiq etmək qərarına gələ bilər. Müraciətin kollegial orqan tərəfindən araşdırılıb-araşdırılmaması barədə qərarı Məhkəmə özü qəbul edir.
Dövlətlərarası şikayətlərdə, Böyük Palatanın icraatında olan fərdi şikayətlərdə və artıq Bölmələrə təhkim edilmiş kommunikasiya olunmuş fərdi şikayətlərdə təqdim edilmiş müvəqqəti tədbir müraciətləri prinsip etibarilə Məhkəmə Sədri, Böyük Palatanın Sədri və ya Bölmə sədrləri tərəfindən araşdırılır. Qərarvermə səlahiyyəti ilk olaraq Məhkəmə Sədrinə, Böyük Palatanın Sədrinə və ya Bölmə sədrlərinə aid olduqda da kollegial orqana göndərmə imkanı tətbiq olunur.
C. Müvəqqəti tədbirlər üçün müraciətlər üzrə qərar qəbul etmə prosesi
Məhkəmənin plenar tərkibi tərəfindən 2023-cü ildə 39-cu maddə üzrə qərarvermə prosesinin nəzərdən keçirilməsindən sonra, qəbul edilən qərarın növündən asılı olmayaraq (məsələn, müvəqqəti tədbirlərin verilməsi, müraciətlərin rədd edilməsi, müraciətlərin araşdırılmasının təxirə salınması, mövcud müvəqqəti tədbirlərin ləğv edilməsi), Məhkəmənin müvəqqəti tədbirlərlə bağlı bütün qərarları tərəflərə müvafiq olaraq növbətçi hakim, Bölmə Sədri, Böyük Palatanın Sədri və ya Məhkəmə Sədri tərəfindən imzalanmış qərar formasında bildirilir. Müvəqqəti tədbirlər prosedurunda qərar qəbul edən hakimlərin adları qərarlarda sistemli şəkildə göstərilir.
Qərarlara Məhkəmə Katibliyinin məktubu əlavə olunur; həmin məktubda prosedura dair məlumat, habelə tərəflərə ünvanlanan hər hansı göstəriş və ya tələb göstərilir.
Müvəqqəti tədbirlər üçün müraciətlərə dair Məhkəmənin qərarları ərizəçilərə ECHR Rule 39 Site vasitəsilə, faksla və ya poçtla bildirilir.
Məhkəmə işin hallarından asılı olaraq müvəqqəti tədbirləri növbəti bildirişədək, Məhkəmə qarşısındakı icraat müddətinə və ya məhdud müddət üçün təyin edə bilər.
Müvəqqəti tədbirlər məhdud müddət üçün verildikdə, bunun müxtəlif səbəbləri ola bilər, məsələn: Məhkəmənin tələbi ilə tərəflərdən müvafiq məlumatların alınmasını gözləmək; daxili məhkəmələrin davam edən icraatda müvəqqəti tədbir müraciətinin predmeti olan məsələni tam nəzərdən keçirməsinə imkan yaratmaq; müraciətin kollegial orqan tərəfindən araşdırılmalı olduğu hesab edildiyinə görə iclasın təyin olunması üçün daha çox vaxta ehtiyac olması; yaxud növbətçi hakimin qərar verməzdən əvvəl əlavə vaxta ehtiyac olduğunu hesab etməsi.
Məhkəmə əlavə məlumat tələb etdikdə, hər iki tərəf Məhkəmə Qaydalarının 54-cü maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən zəruri məlumatı müəyyən edilmiş müddətdə təqdim etməyə dəvət olunur. Bu müddətin uzunluğu işin hallarından və müraciətin təcililiyindən asılıdır. Belə hallarda tərəflərdən məlumat alındıqdan sonra Məhkəmə qüvvədə olan hər hansı müvəqqəti tədbiri uzatmaq, uzatmamaq və ya ləğv etmək qərarına gələ bilər.
Məhkəmə təcililik dərəcəsi buna imkan verdikdə, ərizəçilərin Məhkəməyə təqdim edə bildikləri məlumatın müraciəti araşdırmaq üçün kifayət etmədiyi və hər hansı qərar qəbul edilməzdən əvvəl cavabdeh Razılığa gələn Tərəfdən məlumat tələb etməyin mümkün hesab edildiyi işlərdə müvəqqəti tədbir müraciətlərinin araşdırılmasını təxirə salmaq və tərəfləri məlumat təqdim etməyə dəvət etmək qərarına da gələ bilər.
Müraciətin araşdırılması təxirə salındıqda, cavabdeh Razılığa gələn Tərəf və ya hər iki tərəf 54-cü maddənin 2-ci bəndinin “a” yarımbəndinə əsasən zəruri məlumatı müəyyən edilmiş müddətdə təqdim etməyə dəvət olunur. Bu müddətin uzunluğu işin hallarından və müraciətin təcililik dərəcəsindən asılıdır. Tərəflərdən məlumat alındıqdan sonra Məhkəmə müraciətin araşdırılmasını yenidən təxirə sala və tərəflərə əlavə suallar verə, yaxud müvəqqəti tədbirlər üçün müraciət barədə qərarını çıxara bilər.
Məhkəmə həmçinin müvəqqəti tədbiri təyin etmiş məhkəmə orqanı bildiriş verilməsini əsaslı hesab etdikdə, Məhkəmə Qaydalarının 39-cu maddəsinin 3-cü bəndinə əsasən müvəqqəti tədbir barədə Nazirlər Komitəsinə məlumat vermək qərarına gələ bilər. Belə hallarda tərəflərə bu bildiriş barədə məlumat verilir.
Cavabdeh Razılığa gələn Tərəfin müvəqqəti tədbirə əməl etmədiyi iddia olunduqda və Məhkəmə şikayət və ya şikayətin bir hissəsi barədə cavabdeh Razılığa gələn Tərəfə məlumat vermək qərarına gəldikdə, Konvensiyanın 34-cü maddəsi üzrə öhdəliklərə riayətlə bağlı qoyulan hər hansı sual barədə Nazirlər Komitəsinə də məlumat verilə bilər.
Hər iki tərəf icraatın aparılmasında tam əməkdaşlıq etmək və xüsusən, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi üçün Məhkəmənin zəruri hesab etdiyi və onların imkanları daxilində olan hərəkətləri etmək vəzifəsi daşıyır (bax, 44A maddəsi). Ərizəçilər baxımından bu, müvəqqəti tədbirlər üçün müraciətlərin vaxtında təqdim olunmasını və bütün zəruri məlumat və sənədləri ehtiva etməsini təmin etmək vəzifəsi deməkdir (aşağıda 32–37-ci bəndlərə baxın). Ərizəçilərin daha yüksək təcililik dərəcəsi yaratmaq məqsədilə müraciət verməyi gecikdirməməsi mühümdür. Belə gecikmələr ərizəçilərin hüquq və mənafelərinə və Məhkəmənin müvəqqəti tədbirlər üçün müraciətlərə səmərəli baxmaq imkanına mənfi təsir göstərə bilər. Razılığa gələn Tərəflər baxımından isə bir çox hallarda, lakin hamısında deyil, təcililik dərəcəsi onların nəzarət imkanları daxilində ola bilər. Məhkəmə vurğulayır ki, Razılığa gələn Tərəflər 39-cu maddə üzrə müraciətin yaxın zamanda verilə biləcəyini hesab etdikdə, bu barədə Məhkəməni əvvəlcədən xəbərdar etmək və hər hansı müvafiq məlumatı təqdim etmək imkanına həmişə malikdirlər.
Yuxarıda 13-cü bənddə izah edildiyi kimi, Məhkəmənin müvəqqəti tədbirlər üçün müraciətlər üzrə qərarları tərəflərə həmin qərarları qəbul etmiş məhkəmə orqanı tərəfindən imzalanmış qərar formasında bildirilir. Qərarla bağlı əlavə əsaslandırma həmin məhkəmə orqanının mülahizəsinə uyğun olaraq verilə bilər.
Müvəqqəti tədbirlər üçün müraciətlərlə bağlı heç bir qərardan apellyasiya şikayəti verilə bilməz.
Bununla belə, cavabdeh Razılığa gələn Tərəf tədbirlərin artıq zəruri olmadığını hesab etdikdə və ya müvafiq vaxtda mövcud olmayan, yaxud vaxtında Məhkəməyə təqdim edilməyən məlumata malik olduqda, Məhkəmədən müvəqqəti tədbirlərin təyin edilməsi barədə qərarını yenidən nəzərdən keçirməyi xahiş edə bilər. Belə müraciətlərin verilməsi üçün müəyyən edilmiş müddət yoxdur. Yenidən nəzərdən keçirmə müraciəti daxil olduqda, digər tərəfdən şərhlərini müəyyən edilmiş müddətdə təqdim etməsi istənilə bilər. Sonra Məhkəmə tərəflərin təqdimatlarını araşdırır və yenilənmiş və müvafiq faktiki və hüquqi məlumat əsasında yenidən nəzərdən keçirmə müraciəti barədə qərarını çıxarır.
Hallar dəyişdikdə, ilkin müraciət təmin edilməmişsə, ərizəçilər müvəqqəti tədbirlər üçün yeni müraciət verə bilərlər.
39-cu maddəyə əsasən tətbiq olunan tədbir Məhkəmənin qərarı ilə istənilən vaxt ləğv edilə bilər. Xüsusilə, 39-cu maddə üzrə göstəriş Məhkəmə qarşısındakı icraatla bağlı olduğundan, şikayət davam etdirilmədikdə həmin tədbir ləğv ediləcəkdir.
Buna əsas olduqda, Məhkəmə müvəqqəti tədbirlər üçün müraciəti rədd etməklə eyni vaxtda şikayəti qəbuledilməz elan etmək qərarına gələ bilər.
Məhkəmənin prioritet siyasətinə uyğun olaraq, müvəqqəti tədbirlərin təyin edildiyi şikayətlər “Təcili şikayətlər” kateqoriyasına (I kateqoriya) daxildir. Buna görə də onlar digər kateqoriyalardakı şikayətlərdən üstün tutulur və mümkün qədər tez araşdırılaraq qərara alınır (daha ətraflı bax: Məhkəmənin prioritet siyasəti).
III. Müvəqqəti tədbirlərlə bağlı praktik məlumat
Müvəqqəti tədbirlər üçün müraciətlər yazılı prosedur qaydasında ayrı-ayrılıqda araşdırılır. Onlara prioritet məsələ kimi baxılır. Məhkəmənin praktikasına uyğun olaraq, 39-cu maddənin əhatə dairəsindən açıq-aşkar kənara çıxan müraciətlər, vaxtından əvvəl verilmiş müraciətlər və natamam və ya əsaslandırılmamış müraciətlər, bir qayda olaraq, qərar qəbul edilməsi üçün hakimə təqdim edilmir və rədd edilir. Məhkəmə Qaydalarının 39-cu maddəsinə əsasən müvəqqəti tədbir üçün müraciət edən ərizəçilər və ya onların nümayəndələri aşağıda göstərilən tələblərə riayət etməlidirlər2.
2 Əlaqə məlumatlarının tam şəkildə verilməsi vacibdir.
A. Tələb olunan məlumat və sənədlər
Müraciətlər mümkün olduqda Razılığa gələn Tərəflərin rəsmi dillərindən birində olmalı və ECHR Rule 39 Site vasitəsilə, yaxud faksla və ya poçtla təqdim edilməlidir. Məhkəmə elektron poçtla göndərilmiş müraciətlərə baxmayacaqdır.
Onlarda aşağıdakı məlumatlar göstərilməlidir:
Aşağıda göstərilən məlumat və sənədlər də müraciətlə birlikdə təqdim edilməlidir.
Yuxarıda qeyd edilən məlumat və sənədlərin təqdim edilməməsi müvəqqəti tədbirlər üçün müraciətin əsaslandırılmamış və ya natamam hesab edilməsinə gətirib çıxara bilər.
Digər sənədlərdə irəli sürülmüş arqumentlərə və ya daxili icraata sadəcə istinad kifayət deyil. Yuxarıda göstərilən məlumat və sənədlər hər bir müraciətə əlavə edilməlidir.
Məhkəmə müvəqqəti tədbirlər üçün natamam müraciət təqdim etmiş ərizəçilərlə hər bir halda əlaqə saxlamaya bilər.
• Ərizəçinin adı və atasının adı
• Ərizəçinin soyadı
• Ərizəçinin hazırkı ünvanı və ya saxlanıldığı yer
• Doğulduğu tarix
• Vətəndaşlığı/vətəndaşlıqları
• Bir neçə ərizəçi olduqda, hər bir ərizəçi üzrə “adı və atasının adı”, “soyadı”, “hazırkı ünvanı”, “doğulduğu tarix” və “vətəndaşlığı/vətəndaşlıqları” göstərilməlidir
• Nümayəndə varsa, onun adı və atasının adı, soyadı, ünvanı və səlahiyyəti
• Müraciətin qarşı yönəldildiyi Dövlət/Dövlətlər
A. Müvəqqəti tədbirlər üçün müraciətin əsasları:
1. Hazırkı vəziyyətin ətraflı təsviri;
2. İddia edilən aradan qaldırıla bilməyən zərərin qaçılmaz riskinin xarakteri;
3. Bütün əlaqədar sənədlərin surəti (son tibbi hesabatlar, fotoşəkillər, ərizəçinin həssas vəziyyətini göstərən sənədlər, ərizəçinin vəziyyətinə dair mətbuat məqalələri və ya hesabatlar və s.);
4. Geri göndərilmə/ölkədən çıxarılma/ekstradisiya işlərində:
a. Mənşə ölkəsini/təyinat ölkəsini tərk etmə səbəblərinin ətraflı izahı;
b. Mənşə ölkəsinə/təyinat ölkəsinə qayıtmaqdan qorxma səbəbləri;
c. Razılığa gələn Tərəfə gəlmə tarixi və halları barədə məlumat;
d. Təyinat ölkəsi;
e. Gözlənilən geri göndərilmə/ölkədən çıxarılma/ekstradisiya tarixi;
f. Bütün əlaqədar sənədlərin surəti (axtarış qərarları, həbs qərarları, cinayət hökmləri, ərizəçi barədə mətbuat məqalələri və ya hesabatlar, ölkə hesabatları və s.).
B. Razılığa gələn Tərəfdə daxili icraat barədə məlumat:
1. Məhkəmə qərarlarının və apellyasiya şikayətlərinin tarixi və məzmunu da daxil olmaqla daxili icraat barədə məlumat;
2. Daxili orqanlar qarşısındakı icraatla bağlı bütün digər müvafiq məlumat;
3. Bütün əlaqədar sənədlərin surəti (milli orqanların qərarlarının, məhkəmə qərarlarının, milli orqanlara və məhkəmələrə təqdim edilmiş vəsatətlərin surətləri və s.);
4. Geri göndərilmə/ölkədən çıxarılma/ekstradisiya işlərində:
a. Varsa, sığınacaq icraatı barədə məlumat;
b. Ölkədən çıxarılma icraatı barədə məlumat;
c. Bütün əlaqədar sənədlərin surəti.
C. İstinad edilən Konvensiya maddələri.
D. Müraciət nümayəndə tərəfindən verilirsə, lazımi qaydada doldurulmuş vəkalətnamə forması. Forma müraciət verildikdən qısa müddət sonra göndərilə bilər. Müvəqqəti tədbirlər üçün müraciətlər ərizəçilərin razılığını tələb edir.
E. Hazırkı müraciətlə bağlı Məhkəmədən artıq əldə etdiyiniz istinad nömrəsi varsa, həmin nömrə.
F. Zəruri hesab etdiyiniz bütün digər məlumat və sənədlər.
B. Müraciətlərin vaxtında təqdim edilməsi
Müvəqqəti tədbirlər üçün müraciətlər, bir qayda olaraq, ölkədaxili son qərar qəbul edildikdən sonra mümkün qədər tez göndərilməlidir ki, Məhkəmənin və onun Katibliyinin məsələni araşdırmaq üçün kifayət qədər vaxtı olsun. Ölkədən çıxarılma və ya ekstradisiya işlərində planlaşdırılmış çıxarılma vaxtına bir iş günündən az müddət qalmış daxil olan müraciətlərə Məhkəmə baxmaq imkanında olmaya bilər3.
Ölkədaxili son qərarın qəbul edilməsi qaçılmaz olduqda və xüsusən ölkədən çıxarılma və ya ekstradisiya işlərində dərhal icra riski mövcud olduqda, ərizəçilər və onların nümayəndələri həmin qərarı gözləmədən müvəqqəti tədbirlər üçün müraciəti təqdim etməli, qərarın veriləcəyi tarixi və müraciətin ölkədaxili son qərarın mənfi olması şərti ilə verildiyini aydın göstərməlidirlər.
3 Məhkəmə Katibliyinin bağlı olduğu rəsmi və digər bayram günlərinin siyahısı Məhkəmənin internet saytında əldə edilə bilər: www.echr.coe.int/contact.
C. Dayandırıcı təsirə malik daxili hüquq müdafiə vasitələri
Məhkəmə daxili məhkəmələrin qərarları üzrə apellyasiya instansiyası kimi çıxış etmir və ölkədən çıxarılma və ya ekstradisiya işlərində ərizəçilər müvəqqəti tədbirlər üçün Məhkəməyə müraciət etməzdən əvvəl çıxarılmanı dayandıra bilən daxili hüquq müdafiə vasitələrindən istifadə etməlidirlər. Ərizəçinin dayandırıcı təsirə malik daxili hüquq müdafiə vasitələrindən istifadə etmək imkanı hələ qalırsa, Məhkəmə çıxarılmanın qarşısını almaq üçün 39-cu maddəni tətbiq etməyəcəkdir.
D. Şəxsin Razılığa gələn Tərəfə çıxarılması
Müvəqqəti tədbir üçün müraciəti rədd edilmiş şəxs başqa bir Razılığa gələn Tərəfə çıxarılarsa, həmin şəxs zəruri olduqda Məhkəmə Qaydalarının 39-cu maddəsinə əsasən həmin Dövlətə qarşı yeni müraciət və ya Konvensiyanın 34-cü maddəsinə əsasən şikayət təqdim edə bilər.
E. Müraciətlər üzrə sonrakı tədbirlər
Müvəqqəti tədbirlər üçün müraciət təqdim edildikdən sonra ərizəçi və ya onun nümayəndəsi müraciəti izləməli və Məhkəmə Katibliyinin yazışmalarına cavab verməlidir.
Ərizəçi Məhkəmə Katibliyi ilə yazışmada diqqətli olmalıdır. Ərizəçinin inzibati statusunda və ya digər hallarında hər hansı dəyişiklik barədə Məhkəməyə dərhal məlumat verilməsi vacibdir (məsələn, ərizəçiyə yaşayış icazəsi verildikdə, o, mənşə ölkəsinə qayıtdıqda və ya başqa şəkildə ünvanını dəyişdikdə, çıxarılmanın tarixi və vaxtı dəyişdikdə, yaxud ərizəçinin müraciəti ilə bağlı yeni məhkəmə qərarı və ya başqa yenilik olduqda).
Müvəqqəti tədbir təyin edildikdə, ərizəçi və ya onun nümayəndəsi davam edən hər hansı daxili icraatın vəziyyəti barədə Məhkəməyə müntəzəm və operativ məlumat verməlidir. Bu öhdəliyin yerinə yetirilməməsi işin Məhkəmənin işlər siyahısından çıxarılmasına səbəb ola bilər.
Müvəqqəti tədbirin təyin edilməsi rədd edildikdə, ərizəçi və ya onun nümayəndəsi şikayəti davam etdirmək istəyib-istəmədiyini Məhkəməyə bildirməlidir. Ərizəçinin nümayəndəsi həmçinin ərizəçi ilə əlaqənin itə biləcəyi barədə öz təşəbbüsü ilə Məhkəməyə dərhal məlumat verməlidir.
Müraciət ECHR Rule 39 Site vasitəsilə təqdim edilmiş və qərar ərizəçiyə və ya onun nümayəndəsinə bildirildikdən sonra saytda bağlanmışsa, Məhkəməyə sonrakı yazışmalar faksla və ya poçtla göndərilməlidir. Hakimə, Bölmə Sədrinə, Məhkəmə Sədrinə və ya Məhkəmə Katibliyinin əməkdaşına birbaşa elektron poçtla ünvanlanmış yazışmalar nəzərə alınmayacaqdır.
